CƏMİYYƏT
SOCAR-ın “Daxili Təqaüd” proqramı üzrə test imtahanı keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Daxili Təqaüd” proqramı üzrə test imtahanı keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2014-2015-ci tədris ili üzrə “Daxili Təqaüd” proqramına sənəd qəbulu cari ilin 2-23 fevral tarixlərində həyata keçirilib. Bu müddətdə Azərbaycanın 25 ali təhsil müəssisəsindən müsabiqəyə 2 min 628 nəfər müraciət edib. Proqramın şərtlərinə cavab verən 2 min 181 tələbə müsabiqənin 1-ci turuna - TQDK tərəfindən keçirilən məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanına vəsiqə qazanıb.
Aprelin 19-da müsabiqənin test mərhələsi keçirilib. İmtahanda 1726 iddiaçı iştirak edib. Növbəti həftə ərzində ixtisas qrupları üzrə keçid balları müəyyənləşdiriləcək. Müsabiqənin 2-ci mərhələsi olan müsahibələrin vaxtı barədə məlumat www.socar.az/tehsil veb səhifəsində yerləşdiriləcəkdir.
SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-cü ildən başlayaraq bakalavr və magistratura pillələri üzrə yüksək tədris göstəricilərinə malik olan tələbələr üçün Daxili Təqaüd Proqramı həyata keçirir, müsabiqə əsasında aylıq təqaüdlər təyin edir.
İndiyə kimi “Daxili Təqaüd” proqramına 16 min 46 tələbə müraciət edib və onlardan 1707 nəfəri SOCAR-ın təqaüdünü qazanıb.