CƏMİYYƏT
SOCAR-ın Ekoloji parkında Beynəlxalq Biomüxtəliflik Günü qeyd olunub
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaladakı Ekoloji parkında 22 may - Beynəlxalq Biomüxtəliflik Günü qeyd olunub. Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri, “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin üzvləri və şirkətin ekologiya idarəsinin nümayəndələri iştirak ediblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şagirdlər Azərbaycanın biocoğrafi regionları, nadir və nəsli kəsilmiş bitki və heyvan növləri haqqında təqdimatlar ediblər. Şirkətin ekologiya idarəsinin yaşıllaşdırma departamentinin rəisi Sadiq Kərimov Dövlət Neft Şirkətində biomüxtəlifliyin qorunması ilə əlaqədar görülən işlər, eko-parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bioekoloji xüsusiyyətləri və becərilmə üsulları barədə geniş məlumat verib.
Tədbir iştirakçılarına Ekoparkın fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradılıb. Məktəblilər körpə fidanları xüsusi qablara köçürüb, daha sonra isə Qala Etno-Ekoloji Mərkəzi ilə tanış olublar.