İQTİSADİYYAT
SOCAR-ın “Qaz İxrac” idarəsində səmt qazının yığılması istiqamətində mühüm işlər görülür
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsi “Balaxanı ƏŞ”də səmt qazının yığılıb təhvil verilməsi üçün hər birinin gücü sutkalıq 50 min kubmetr təşkil edən iki ədəd Almaniya istehsalı müasir qurğudan ibarət yeni kompressor stansiyası tikib. Həmçinin də “Qarasu” ƏŞ-nin ərazisindəki köhnə qaz ölçü qovşağının yenisi ilə əvəz olunması nəzərdə tutulur.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin “Qaz İxrac” idarəsi tərəfindən 2013-cü ildən etibarən “Bahar Enerji”, “Balaxanı ƏŞ”, “Şirvan OYL”, “Salyan OYL”, “Qarasu”, “Neftçala” və “Suraxanı” əməliyyat şirkətləri tərəfindən hasil olunan aşağı təzyiqli səmt qazının yığılaraq qaz-nəql sisteminə itkisiz ötürülməsi məqsədilə bir sıra tikinti və yenidənqurma işləri həyata keçirilir. Ötən müddətdə “Salyan OYL” ƏŞ-nin “Qarabağlı” sahəsində hasil olunan aşağı təzyiqli səmt qazının tam həcmdə yığılaraq sıxılıb nəql kollektoruna vurulması üçün 6 ədəd kompressor aqreqatı (5-i işçi, 1-i isə ehtiyat), kompressorların çıxışında qazsoyutma sistemi, separator və qaz ölçü qovşağı quraşdırılıb, transformator yarımstansiyası, xarici elektrik təchizatı, operator otağı, su təchizatı və daxili kanalizasiya sistemi tikilib. Bu, sutkada 50 min kubmetr səmt qazının yığılaraq nəql sisteminə vurulmasına imkan yaradıb.
“Balaxanı ƏŞ” tərəfindən səmt qazının yığılıb təhvil verilməsi üçün fiziki və mənəvi cəhətdən köhnəlmiş kompressor stansiyasının ərazisində hər birinin gücü sutkalıq 50 min kubmetr təşkil edən iki ədəd Almaniya istehsalı müasir qurğudan ibarət yeni kompressor stansiyası tikilib. Kompressorların girişində və çıxışında qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün separator quraşdırılıb. Stansiya ən müasir elektrik təchizat sistemi və nəzarət ölçü cihazları ilə təmin edilib. Hazırda soyutma və drenaj sistemləri quraşdırılır, korroziyaya qarşı mühafizə tədbirləri görülür. Bu ilin oktyabrında tikintisinin başa çatacağı obyektin istismara verilməsi ilə sutkada 50 min kubmetr həcmində qazın nəql sisteminə vurulması təmin ediləcək.
Bundan əlavə, “Qarasu” ƏŞ-nin ərazisindəki köhnə qaz ölçü qovşağının yenisi ilə əvəz olunması nəzərdə tutulur. Yeni tikiləcək “Qarasu” qaz ölçü qovşağında səmt qazının maye və bərk qarışıqlardan təmizlənməsi üçün qurğunun, təzyiq tənzimləyici qurğunun, odarant qurğusunun və digər zəruri texnoloji qurğu və avadanlıqların quraşdırılması planlaşdırılır.