CƏMİYYƏT
SOCAR-ın idarə və müəssisələrində “Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunan tədbirlər keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrində 28 aprel “Ümumdünya Əməyin Mühafizəsi Günü” ilə əlaqədar keçirilən tədbirlərdə bu günün əhəmiyyəti qeyd olunub, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsi ilə bağlı müvafiq təlimatlandırma işləri aparılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin “Azneft” İstehsalat Birliyində keçirilən tədbirdə baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edərək bildirib ki, bu il “Ümumdünya Əməyin Mühafizəsi Günü” “Əməyin mühafizəsində önləyici tədbirlər mədəniyyətini birgə yüksəldək” devizi altında keçirilir. O, İstehsalat Birliyində “Davranışın və təhlükəsizliyin müşahidə sistemi”nin tətbiqi ilə yanaşı, bu istiqamətdə geniş maarifləndirmə işlərinin aparıldığını vurğulayıb, “İş yerlərindən məmnunluq dərəcəsinin müəyyən edilməsi üçün sorğu vərəqi”nin tətbiqindən sonra xeyli işlər görüldüyü diqqətə çatdırılıb. Birliyin əməyin mühafizəsi şöbəsinin rəisi Mübariz Şamilov mövzu üzrə təqdimat keçirib, insanların idarəetmədə təhlükəsizliyinin effektivliyinin təmin olunması üçün təhlükəsizlik mədəniyyətinin təşkil olunması üsullarından danışıb.
“Azneft” İstehsalat Birliyində son illər normativ-texniki bazanın yaradılması, beynəlxalq idarəetmə sistemlərinin tətbiq edilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi sahəsində görülən işlər haqqında məlumat verilib, tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
“Azəriqaz” İstehsalat Birliyində keçirilən yığıncaqda birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev bildirib ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş mühitinin yaradılması, maarifləndirmə və təlimatlandırma tədbirləri, sağlamlığın qorunması məqsədi ilə işçilərin tibbi sığorta edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq iş yerlərinin attestasiya olunması, həmçinin əmək qanunvericiliyində nəzərdə tutulmuş digər tələblərə layiqincə əməl edilməsi əməyin mühafizəsi sahəsində birlik tərəfindən həyata keçirilən genişmiqyaslı işlərdəndir. Sonda əməyin mühafizəsi sahəsində yüksək nailiyyətlər qazanaraq fərqlənən işçilərə mükafat və fəxri fərmanlar verilib.
SOCAR-ın “Qaz İxrac” İdarəsində də istehsalat prosesləri zamanı təhlükəsizliyin təmin olunması və qəza vəziyyətinin qarşısının alınması, əməyin mühafizəsi qaydaları və normalarına əməl edilməsi öz aktuallığı ilə diqqət mərkəzindədir. Keçirilən müşavirədə idarə rəisi Qağaməli Seyfullayev əməyin mühafizəsi istiqamətində görülən işlərdən danışıb, bununla əlaqədar həlli vacib tədbirlər barədə öz tövsiyələrini verib.
Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda keçirilən tədbirdə zavodun direktoru Ayaz Qarayev zavodda təhlükəsiz əməyin təşkili ilə bağlı görülən işlərdən danışıb, İSO 9001:2008, İSO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının müəssisədə müvəffəqiyyətlə tətbiq edildiyini bildirib. Vurğulanıb ki, zavodun bütün xidmət sahələrində hər bir işçi üçün təhlükəsiz və ekoloji cəhətdən sağlam iş şəraiti yaradılıb, əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə öyrənilib və tətbiq edilib.
Çıxışlarda qeyd olunub ki, zavodun bütün işçi personalı “Paşa Sığorta” ASC ilə bağlanılmış müqaviləyə əsasən Könüllü Tibbi Sığorta və “Paşa Həyat Sığorta” ASC ilə bağlanmış müqaviləyə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” olunub.
Dövlət Neft Şirkətinin ekologiya idarəsinin istehsalat sahələrində isə 28 aprel “Ümumdünya Əməyin Mühafizəsi Günü”nün keçirilməsi ilə əlaqədar “Əməyin mühafizəsi sahəsində profilaktika mədəniyyətini birgə yüksəldək” devizi altında 8-24 aprel tarixlərində seminarlar keçirilib. Seminarlar “Təhlükəsiz əmək şəraiti”, “Fərdi mühafizə vasitələrindən istifadə”, “Təhlükəli vəziyyət və təhlükəli hərəkət”, ”Peşə xəstəliklərinin yaranmasında zərərli amillər”, “Bədbəxt hadisələrin uçotu”, “Sanitariya və gigiyena qaydaları” mövzularında maarifləndirici təqdimat formasında aparılıb.
Qeyd edilib ki, əməyin mühafizəsi sahəsində Azərbaycanda qanunvericilik bazasının formalaşdırılması və 1997-ci ildə vətəndaşların əmək hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyinin yaradılması, müfəttişliyin ölkədə 18 bölgədə fəaliyyət göstərməsi dövlət rəhbərliyinin bu sahəyə xüsusi diqqətinin nəticəsidir. Seminarlar qarşılıqlı müzakirə şəklində aparılıb, işçi heyətin əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində təklif və rəyləri dinlənilib.