CƏMİYYƏT
SOCAR-ın idarə və müəssisələrində növbəti şənbə iməciliyi keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi ekoloji siyasətə uyğun olaraq 2015-ci ilin yaz mövsümü iməcilikləri davam edir. Şirkətin “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində növbəti ağacəkmə kampaniyası keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iməcilikdə etilen-polietilen zavodunun, təmir-tikinti idarəsinin və birliyin idarəetmə aparatından ümumilıkdə 550 nəfər iştirak edib. Aprel ayının son şənbə iməciliyi zamanı etilen-polietilen zavodunun qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin bioremediasiya üsulu ilə təmizlənmiş 4 hektar ərazisində 970 ədəd şərq çinarı, nar, melya, həmişəyaşıl sərv, şam, əncir, gilanar, badam və digər ağaclar əkilib. Etilen-polietilen zavodunun istehsalat ərazilərində bir hektardan artıq sahə alaq otlarından təmizlənib, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənib, abadlıq işləri aparılıb.
Yaz mövsümü iməciliyi şirkətin ekologiya idarəsinin 60 nəfər əməkdaşının iştirakı ilə Ekoparkda da keçirilib. İməcilik zamanı ərazidə bir sıra abadlıq və təmizlik işləri aparılıb, ağac və gül kollarına qulluq edilib. İdarə tərəfindən iməçiliklərin keçirilməsi davam etdiriləcək.
Həmin gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda keçirilmiş iməcilikdə zavod rəhbərliyi də daxil olmaqla 70 nəfər iştirak edib. Səhər saatlarından başlayan iməcilikdə zavodun yaşıllıq ərazisinə 200 Eldar şamı əkilib. Aprel iməciliklərində yeni əkilmiş bütün ağaclar-1000 ədəd zeytun ağacı, 1000 ədəd Eldar şamı suvarılıb, 480 kiloqram qazon toxumunun əkini də yekunlaşıb. Daha sonra zavod ərazisi zibil və tullantılardan, alaq otlarından təmizlənıb, ötən il əkilən ağacların dibi bellənib. Zavodun yaşıllıq ərazisində əkilmiş ağac və gül kollarının sayı ümumilikdə 92 mini ötüb.