İDMAN
SOCAR və “UniPer”in əməkdaşlarının övladları futbol matçında qarşılaşıblar
Bakı, 16 avqust, AZƏRTAC
SOCAR və “UniPer” şirkətlərinin əməkdaşlarının övladları futbol matçında üz-üzə gəliblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR ilə Almaniyanın “UniPer” şirkəti arasında əməkdaşlıq müqaviləsinə əsasən, “Uşaqların Mübadilə Proqramı” çərçivəsində hər il iki şirkət əməkdaşlarının övladları üçün Almaniya və Azərbaycanda yay düşərgələri təşkil olunur. Avqustun 8-dən 20-dək almaniyalı məktəblilər Azərbaycanda SOCAR tərəfindən təşkil edilmiş builki yay düşərgəsində iştirak edirlər. “Yay düşərgəsi” çərçivəsində avqustun 15-də AFFA və SOCAR-ın İnsan Resursları Departamentinin təşkilatçılığı ilə Binə qəsəbə stadionunda Almaniya və Azərbaycanda keçirilən “Yay Düşərgəsi” iştirakçıları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Maraqlı mübarizə şəraitində keçən oyunda azərbaycanlı uşaqlar özlərindən orta yaş göstəricisində nisbətən yuxarı olan alman şagirdlərə 1:6 hesabı ilə məğlub olublar. Oyunun sonunda SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli və “UniPer”in Xəzər və Cənub bölgəsi, qaz təchizatı üzrə vitse-prezidenti Maykl Hilmer iştirakçıları medallarla təltif edib, qalib komandanı kubokla mükafatlandırıblar.
Almaniyalı və azərbaycanlı uşaqlar onlara göstərilən diqqətə, yay düşərgəsi proqramının yüksək səviyyədə təşkilinə görə SOCAR və “UniPer” rəhbərliyinə təşəkkür ediblər.
Yekunda vurğulanıb ki, belə tədbirlərin, yoldaşlıq görüşlərinin keçirilməsi şirkətlər arasında əlaqələri daha da gücləndirir, uşaqlar arasında dostluq münasibətlərini möhkəmləndirir və Azərbaycanda uşaq futbolunun inkişafına töhfə verir.