İQTİSADİYYAT
SOYQIRIMI ABİDƏSİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, martın 31-də Salyanda azərbaycanlıların soyqırımı günü münasibətilə ümumrayon mitinqi keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Sonra ağsaqqallar, əmək və müharibə veteranları, ziyalılar, məktəblilər, qonaqlar yenicə ucaldılmış soyqırımı abidəsinin önünə toplaşmışlar. Abidənin örtüyü götürüldükdən sonra soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla anılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov bildirmişdir ki, 1918-ci ilin mart günlərində Salyanın yüzlərlə dinc sakini - qocalar, qadınlar, uşaqlar erməni daşnaklar tərəfindən qəddarlıqla qətlə yetirilmişlər. Erməni vəhşilikləri barədə faktlar uzun müddət ört-basdır edilmişdir. Ümummilli lider Heydər Əliyev bu tarixi ədalətsizliyi aradan qaldıraraq, hər il martın 31-də azərbaycanlıların soyqırımının dövlət səviyyəsində qeyd edilməsi barədə Fərman imzalamışdır.
Tədbirdə çıxış edənlər ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər barədə nifrət və qəzəb hissi ilə danışaraq, tarixin ibrət dərslərini unutmamağa, ondan nəticə çıxarmağa, ayıq-sayıq olmağa çağırmışlar.