REGİONLAR
Saatlılı məktəblilər Gəncə, Şəmkir və Göygölün tarixi və səfalı məkanları ilə tanış olacaqlar
Saatlı, 16 mart, Mahir Babayev, AZƏRTAC
Martın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Saatlı rayonundan olan iştirakçıları - IX və XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Qrupun rəhbəri, rayon icra hakimiyyətinin işçisi Tural Məmmədov deyib: “Yeddinci dəfədir ki, ölkəmizdə məktəblilər üçün belə bir aksiya təşkil edilir. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər. Bizə bu imkanı yaradan, diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Tur-aksiyanın digər iştirakçıları - Azadkənd kənd tam orta məktəbinin tarix müəllimi Yaqut Mehdiyeva, Bəylər kənd ümumi orta məktəbinin IX sinif şagirdi Ləman Şıxəliyeva və başqaları bu səyahətin təşkilindən razılıqlarını ifadə ediblər.
Valideyn Nazir Fərəcov ürək sözlərini belə ifadə edib: “Ölkəmizdə gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərilir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri tikilib istifadəyə verilir. Bu tur-aksiya həmin qayğının daha bir təzahürüdür. Övladımın da bu aksiyada iştirak etməsindən çox məmnunam”.
Sonra məktəblilər xüsusi avtobusla yola salınıblar.
Saatlıdan olan 40 məktəbli, 4 müəllim və 1 tibb işçisi dörd gün ərzində Gəncə şəhərini, Şəmkir və Göygöl rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.