REGİONLAR
Sabirabad “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
Bakı, 27 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” mərkəzində 28 May - Respublika Günü ilə əlaqədar, həmçinin Mərkəzdə Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Sabirabad “ASAN xidmət” mərkəzinin direktoru Elvin Cəfərov, YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev və digər qonaqlar iştirak ediblər.
Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev tədbiri açaraq, YAP üzvlərinin əsasən gənclərdən təşkil olunduğunu, YAP Sabirabad rayon təşkilatına 7500-dən çox üzvün qatıldığını və 89 ərazi ilk partiya təşkilatının fəaliyyət göstərdiyini qeyd edib.
Tədbirdə təşkilati məsələyə baxılıb və 9 nəfərdən ibarət idarə heyəti müəyyənləşib. Elvin Cəfərov ərazi ilk partiya təşkilatının sədri, Elvin Məmmədov isə sədr müavini seçiliblər.
Daha sonra Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev Respublika Günü münasibətilə iştirakçıları təbrik edib. Ü.Mehdiyev çıxış edərək Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb və dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sonda YAP sıralarına yeni qəbul olunmuş Sabirabad “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.