CƏMİYYƏT
Şabran rayonunun meşə müdiri vəzifəsindən azad olunub
Bakı, 20 iyun, AZƏRTAC
Bir sıra saytlarda və sosial şəbəkələrdə Şabran meşəsində qırıntı olması ilə bağlı video görüntü yayılıb. Buna baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məsələnin araşdırılması üçün rəsmi olaraq müraciət olunmayıb. Lakin nazirlik bu görüntülərlə bağlı dərhal araşdırmalara başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan araşdırma nəticəsində həmin görüntülərin iyunun 16-da Şabran meşə müdirinə yönələn ittihamlarla birlikdə saytların birində yerləşdirilməsi və sonradan çıxarılması məlum olub. Bir neçə gündən sonra isə həmin görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlarla yenidən eyni saytda yerləşdirilib. Məlum olub ki, yazının və görüntülərin yenidən yerləşdirilməsində əsas məqsəd nazirlik rəhbərliyinin diqqətini cəlb edib meşə müdirinə təzyiq göstərməkdən ibarət olub. Çünki birinci dəfə rayon meşə müəssisəsinin müdiri onun ünvanına yönələn və yazı ilə müşayiət olunan bu görüntülərin yerləşdirilməsinin qarşısını müəyyən üsullarla almağa nail olub. Amma görünür, bu məlumatı yayanları qane etməyib. Buna görə də təzyiq ünvanı dəyişdirilib, şər-böhtan və şantajla xarakterizə olunan başlıqlardan istifadə etməklə saytlarda və sosial şəbəkədə nazirliyin ünvanına təhqiramiz yazılar və şərhlər verilib.
Belə böhtanlara dərhal ETSN-dən reaksiya verilib. Rəhbərlik görüntülərdə əks olunan qırıntılarla bağlı qrup yaradıb. Həmin qrup çəkilmiş görüntülərin müəllifini müəyyənləşdirib və onu Şabran meşələrində aparılan araşdırmada iştirak etmək üçün dəvət edib. Həmin şəxs görüntülərin çəkildiyi ərazini göstərəcəyinə söz versə də, sonradan araşdırmada iştirakdan yayınıb. Komissiya üzvlərinə məlum olub ki, bu şəxs rayon meşə müdiri ilə görüşüb və araşdırmada iştirakdan imtina edib.
Bu görüşün məzmununun nədən ibarət olduğu o qədər birmənalı görünür ki, həmin kontekstdə nazirlik qanunsuz təzyiq yolu ilə meşə rəhbərini özünə tabe edən qrupun qarşısında təslim olan müdirin vəzifəsində qalmasının mümkünsüzlüyü qənaətinə gəlib. Prinsipiallıq göstərmədiyinə görə Şabran meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub. Şabranın meşə ərazisində araşdırma davam etdirilir. Video görüntünü yayanlar araşdırmada iştirakdan imtina etdikləri və qismən istəklərinə nail olduqları üçün Şabran meşə müəssisəsində başdan-başa yoxlama həyata keçirilir. Yoxlama zamanı toplanmış sənədlər hüquq mühafizə orqanlarına təqdim olunacaq. Nazirliyin rəhbərinin ünvanına yönələn, parket sexinin mövcudluğu barədə söylənilən təsdiqi və sübutu olmayan fikirlərlə bağlı isə bildirilib ki, bu, birmənalı olaraq həqiqətə uyğun deyil, böhtandır.