REGİONLAR


Şabranlı təsərrüfatçılar üzüm bağlarında bol məhsul yetişdiriblər VİDEO

Şabran, 26 iyul, Elxan Yusifli, AZƏRTAC

Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda təsərrüfatçılar məhsul yığımına hazırlaşırlar.

AZƏRTAC xəbər verir ki, təsərrüfatçılar 20-25 gündən sonra üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar. Hazırda sahələrə son suvarma suyu verilir, aqrotexniki işlər görülür.

Təsərrüfatçılar bu il məhsuldarlığın yüksək olduğunu bildirirlər.

Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə texniki üzüm sortları əkilib.

Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.

Aqranom Polad Quliyev bildirir ki, ötən il üzüm yığımına avqustun 10-da başlanılıb. Bu il isə hava şəraiti ilə əlaqədar məhsulun tam yetişməsi təxminən on gün yubanacaq. Bununla belə ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər və aqrotexniki qulluq öz müsbət təsirini göstərib. Məhsuldarlıq yüksəkdir. Ötən il üzümçülük təsərrüfatından 700 tondan çox məhsul əldə olunub. Fermerlər bu il məhsuldarlığın bu göstəricidən daha çox olacağını proqnozlaşdırırlar.

Şabranlı fermerlər toplanan məhsulu Bakı şəhərindəki və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə göndərirlər.

Rayonun Gəndov, Ağbaş və Dəvəçikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Şabran ərazisində, ümumilikdə, 400 hektara yaxın üzüm bağı var.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.