CƏMİYYƏT
Sabunçu rayonunda “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib
Bakı, 30 may, AZƏRTAC
Narkomaniya ilə mübarizəyə dair Bakıda və bölgələrdə polisin təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirlərdə dilə gətirilən narahatlıq başa düşüləndir. Çünki həlli vacib məsələlərin sonucunda gəncliyimizin və gələcəyimizin taleyi dayanır. Onları insanın qanını, canını deyil, həm də psixologiyasını, mənəviyyatını məhv edən, özündən ömürlük asılı vəziyyətə salan düşməndən qorumaq üçün, sözün əsl mənasında, birləşməyimiz çox vacibdir. Bu, təkcə daxili işlər orqanlarına DİN rəhbərliyinin tələbi kimi anlaşılmamalıdır. Bu, həm də qapımızı döyən bəlanın, səssiz ölümün doğmalarımızı, əzizlərimizi bizdən qoparacaq qədər güclü olmasını görüb həyəcan təbili çalan, şəxsiyyətin deqradasiyaya uğradığının fərqində olan insanların istəyi, tələbidir. Daha dəqiq desək, bu, cəmiyyətin öz tələbidir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər mayın 30-da Sabunçu Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Bilgəhdəki şəhid Telman İsgəndərov adına 142 nömrəli məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
“Ağ ölüm”ü vətənimə gətirməyin” şüarı ilə keçirilən tədbirdə məktəblilərin ifasında narkomaniyanın fəsadlarına dair ədəbi-bədii kompozisiya təqdim olunub.
Məktəbin direktoru Gülnaz Abdullayeva rayon rəhbərliyi və polis idarəsi tərəfindən narkomaniya ilə mübarizəyə həsr olunmuş mütəmadi tədbirlərdən və görülən işlərdən danışıb.
Rayon polis idarəsinin rəisi, polis polkovniki Eldar İlyasov qeyd edib ki, bu gün ölkəmizdə narkomaniyaya qarşı çox ciddi mübarizə aparılır və maarifləndirmə tədbirləri həyata keçirilir. Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və ən əsası, cinayətkarlığın artmasına səbəb olur.
O, son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən, idman yarışlarında uğur qazanan idmançı gənclərimizdən danışıb. Bildirib ki, bu gün Azərbaycan sabitlik adası kimi dünyanın diqqət mərkəzindədir və ölkəmizə gələn turistlərin sayının gündən-günə artması bunun bariz nümunəsidir.
E.İlyasov ötən il 934 kiloqram narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına diqqət çəkərək bildirib ki, bu bəla ilə mübarizəyə cəmiyyətin dəstək verməsi ən önəmli şərtlərdəndir. O, rayonda 8 idman kompleksinin fəaliyyət göstərdiyini və onların qapılarının daim gənclərin üzünə açıq olduğunu qeyd edib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon icra hakimiyyətinin başçısı yanında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Güloğlan Məmmədov, həkim-narkoloq Qalib Məmmədov, rayon gənclər və idman idarəsinin rəisi Rakif Əliyev yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün vacib işlərdən danışıblar. Çıxışlarda belə maarifləndirici tədbirlərin mütəmadi qaydada keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda şagirdlərin sualları cavablandırılıb.