CƏMİYYƏT
“Sağlam gənclik etibarlı gələcəkdir” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik etibarlı gələcəkdir” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
Layihə rəhbəri Şəms Həsənli AZƏRTAC-a bildirib ki, layihənin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrindəki uşaqlar da daxil olmaqla, gənclərin milli mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsi və sağlam həyat tərzinin formalaşdırılmasından ibarətdir.
Bu məqsədlə ilk tədbir Bakının Xəzər rayonunun Binə qəsəbəsində keçirilib.
Sonra Binəqədi rayonu ərazisində yerləşən 138 və 158 saylı körpələr evi-uşaq bağçalarında keçirilən tədbirlərdə xüsusi hazırlanmış videoçarxlar nümayiş olunub, uşaq bağçalarında təhsil alan körpələrin ifasında sağlam həyat tərzindən bəhs edən və ekoloji mədəniyyəti təbliğ edən mövzularda səhnəciklər nümayiş etdirilib.
Daha sonra layihə iştirakçılarına təlimçi tərəfindən mühazirələr oxunub.