CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud gənclər “Bakı-2015”də könüllü kimi iştirak ediblər
Bakı, 3 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarını bitirmiş 18 nəfər gənc “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi iştirak edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, onlar “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən könüllü kimi uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlara layiq görülüblər.
Həmin gənclər ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan bu möhtəşəm idman bayramında könüllülər arasında olmalarından və tapşırılan vəzifələri layiqli şəkildə yerinə yetirmələrindən sonsuz şərəf və qürur hissi keçirdiklərini vurğulayıblar.
Mərkəzdə peşə təlimi keçən gənclərin “Bakı-2015”in açılış və bağlanış mərasimlərini, eləcə də yarışları izləmələri təmin edilib. Yarışlarda Azərbaycan yığmasının qazandığı mühüm tarixi nailiyyətlər, xüsusən paracüdoçularımızın uğurları, o cümlədən ikiqat paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyevin parlaq qələbəsi onlara sonsuz sevinc və fərəh hissi bəxş edib. Reabilitasiya Mərkəzində müxtəlif peşə və sənət növləri üzrə təlim kursları təşkil edilməklə bərabər, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək paralimpiyaçı gənclərin idmanın müxtəlif növləri üzrə hazırlıq keçmələri də təmin olunur. Bu ilin ötən dövründə 29 nəfər paralimpiyaçının burada məşq prosesini keçmələrinə şərait yaradılıb.
Mərkəzdə təkcə cari ilin 6 ayında 258 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kursu keçib. Həmin gənclərdən 183 nəfəri kurslara cəlb edilib. Gənclər burada kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma və s. peşələr üzrə bilik və bacarıqlara yiyələniblər. Onlardan 144 nəfəri artıq kursları başa vurub.
Gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Onların sosial reabilitasiyası, müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirakı və s. istiqamətlərdə də məqsədyönlü işlər aparılır.