CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud uşaqların Türkiyədə müalicəsi təşkil edilib
Bakı, 24 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ayın əvvəllərində valideynlərindən biri ilə bərabər Türkiyə Respublikasına ixtisaslaşmış bərpa-müalicəsinə yola salınmış sağlamlıq imkanları məhdud 24 uşaq qardaş ölkədə reabilitasiya kursunu başa vuraraq geri dönüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onların Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanması zamanı valideynlər Türkiyədə övladlarına göstərilən bərpa-müalicə xidmətindən, aparılan reabilitasiya işlərindən razılıqlarını ifadə ediblər. Onlar övladlarının xaricdə bərpa-müalicəsinin təşkili işlərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkəmizdə əlillərin tibbi-sosial reabilitasiyası tədbirlərinin ildən-ilə gücləndirildiyini vurğulayıb: “Keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 393 nəfərin, o cümlədən əlilliyi olan 205 şəxsin və sağlamlıq imkanları məhdud 188 uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib. Onlardan sağlamlıq imkanları məhdud 10 uşaq valideynlərindən biri ilə bərabər Gürcüstana, qalan şəxslər isə Türkiyə Respublikasının Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə müalicəyə göndərilib. Onu da bildirək ki, xaricə bərpa-müalicəsinə göndərilən uşaqların valideynləri də orada övladları ilə birgə müvafiq reabilitasiya tədbirlərinə cəlb olunurlar”.
S.Abdullayev göndərilən şəxslərin səhhətində müsbət dəyişikliklərin olduğunu qeyd edərək bildirib ki, nazirliyin bərpa mərkəzlərində də əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunması üçün məqsədyönlü işlər davam etdirilir. Bu mərkəzlərdə əlilliyi olan şəxslərin sosial statuslarının bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası üçün kompleks şəkildə tibbi, sosial, peşə diaqnostikası və reabilitasiya tədbirləri həyata keçirilir. Cari ilin yanvar-iyul aylarında həmin müəssisələrdə 4650 nəfərə bərpa-müalicə, 8400-ə yaxın şəxsə isə protez-ortopedik xidmətlər göstərilib ki, onların bir hissəsi də sağlamlıq imkanları məhdud uşaqlar olub.