REGİONLAR
“Sağlamlıq və ətraf mühit” layihəsi çərçivəsində şagird və tələbələr maarifləndirilib
Yevlax, 14 iyun, AZƏRTAC
“Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Yevlax və Mingəçevirdə reallaşdırdığı “Sağlamlıq və ətraf mühit” layihəsi üzrə təlimlər davam etdirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi regionda ekoloji tarazlığı təmin edən fəaliyyətlərin dəstəklənməsi, şagird və tələbələrin ətraf mühitlə bağlı ekoloji maarifləndirmə işinə cəlb olunması, onların diqqətinin ekoloji problemlərin həllinə yönəldilməsidir.
Hər iki şəhərin şagird və tələbələrinin, icra hakimiyyətlərinin nümayəndələrinin, təhsil və digər aidiyyətı qurumların rəhbərlərinin iştirak etdikləri təlimlərdə mövzuya dair müzakirələr və sorğular aparılıb.
Təlimlərin sonunda şagird və tələbələrə mövzu ilə bağlı test sualları paylanılıb. Qiymətləndirmədə fərqlənənlər mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar paylanılıb.