İQTİSADİYYAT
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilmişdir. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonunadək 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.
Nazir qeyd edib ki, sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Hazırda elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.