REGİONLAR
Salyanda 21 min 74 hektar taxıl sahəsində biçin aparılacaq
Salyan 30 may, Mahir Babayev, AZƏRTAC
Salyanda taxıl biçininin mütəşəkkil başa çatdırılmasını təmin etmək, habelə fermərlərə əməli köməklik göstərmək məqsədi ilə lazımi tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı rayonda qərargah yaradılıb, konkret vəzifələr müəyyənləşdirilib. Ötən ilin payızında rayonda cari ilin məhsulu üçün 21 min 74 hektar taxıl əkilib ki, bunun da 6 min 396 hektarını buğda, 14 min 679 hektarını isə arpa sahələri təşkil edir.
Havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən salyanlı taxılçılar bu il sahələrdə bol məhsul yetişdiriblər. Yetişmiş məhsulu qısa müddətdə toplamaq üçün artıq rayonda biçim kompaniyasına hazırlıq işləri başa çatdırılıb. Biçinə çıxarılacaq 40-dan çox kombayn texniki baxışdan keçirilib, aşkar olunan nasazlıqlar aradan qaldırılıb. Həmçinin məhsul yığımı üçün lazım olan digər maşın-mexanizmlər də hazır vəziyyətə gətirilib. Biçin vaxtı ehtiyac yaranarsa, ətraf rayonlardan da əlavə kombaynların gətirilməsi nəzərdə tutulub. Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işi aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, ötən il rayonda 63 min 693 ton taxıl istehsal olunmaqla, hər hektardan 32,3 sentner məhsul götürülüb. Mütəxəssislərin dediyinə görə, bu il sahələrdən ötən ildəkindən də çox məhsul götürmək mümkün olacaq.