CƏMİYYƏT
Saxta şikayətçi ifşa olunub
Bakı, 3 fevral, AZƏRTAC
İmişli rayonunun Cəfərli kəndində su təmizləyici qurğudan guya çirkli su gəlməsi barədə kənd sakini Quliyev Elşən Qara oğlu adından 26 dekabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt” xidmətinə edilən müraciət ETSN-in mütəxəssisləri tərəfindən yerində araşdırılıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, ETSN əməkdaşları Cəfərli kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi və kənd bələdiyyəsinin rəhbərliyi ilə birlikdə “Qaynar xətt” xidmətinə müraciətdə adı və soyadı qeyd edilən Elşən Quliyevlə görüşüb. Lakin o, şikayət etmədiyini və “qaynar xətt” xidmətində qeydə alınmış telefon nömrəsinin ona məxsus olmadığını bildirib.
Araşdırma zamanı başqasının adından saxta şikayət edən şəxsin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sabiq işçisi Xəzər Məhərrəmovun olması müəyyən edilib. O, başqa adla qərəzli şikayət verdiyini, məlumatın həqiqətə uyğun olmadığını və qərəzli xarakter daşıdığını etiraf edib. Nazirliyin əməkdaşları tərəfindən bununla bağlı müvafiq akt tərtib olunub. Qeyd edək ki, Xəzər Məhərrəmov işdə yol verdiyi nöqsanlara görə 29 noyabr 2016-cı il tarixində işdən azad edilib.
Xatırladaq ki, 2010-cu ildə İmişli rayonunun Cəfərli kəndində ETSN tərəfindən gündə 132 kubmetr gücündə modul tipli su təmizləyici qurğu və 31 su paylayıcı bulaq tikilərək istismara verilib. Hazırda bütün bulaqlar əhalini Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edir.