İQTİSADİYYAT
Səbail Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyətində bir qrup sahibkarla görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sahibkarların fəaliyyətinə mane olan amillərlə, onları narahat edən digər məsələlərlə maraqlanıb. O, Prezident İlham Əliyevin sahibkarlara yaratdığı şəraitdən, yersiz yoxlamaların qarşısının alınmasından söz açaraq icra qurumlarının iş adamlarına lazımi kömək göstərməsinin zəruriliyini qeyd edib. Bildirib ki, bu görüşün əsas məqsədi də mənfi halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasıdır. Qeyd edilib ki, rayon əhalisinin sıx məskunlaşdığı Bayıl və 20-ci yaşayış sahəsi ərazisində fəaliyyət göstərən iş adamları zamanın tələbinə uyğun işləməlidirlər. Burada yeni iş yerlərinin açılması isə sakinlərin işlə təmin olunmasında böyük rol oynayacaq.
İcra başçısı gələcəkdə bu ərazilərdə həyata keçiriləcək infrastruktur layihələri barədə məlumat verib, sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işlərinin aparılmasının əhəmiyyətini qeyd edib.
E.Əzizov rayon icra hakimiyyəti tərəfindən sahibkarlara obyektlərin müasir səviyyədə yenidən qurulmasında, mövcud və yeniləşən obyektlərin sənədləşdirmə işlərində hüquqi qaydada yardım göstəriləcəyini deyib.
Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, qarşıya çıxan bəzi problemlər yerində həll olunub.
Görüşdə çıxış edən sahibkarlar yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə kömək göstərilməsi istiqamətində atılan addımlardan razılıqlarını ifadə ediblər.