İQTİSADİYYAT
“Şəfəq-Asiman” üzrə indiyədək 582 kvadratkilometrədək sahədən 3 ölçülü məlumat əldə edilib
Bakı, 18 noyabr, AZƏRTAC
“Şəfəq-Asiman” bloku üzrə indiyədək 582 kvadratkilometrədək sahədən 3 ölçülü məlumat əldə olunub.
Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, “Şəfəq-Asiman” üzrə 3 ölçülü seysmik tədqiqatın məlumatlarının son interpretasiyası bu ilin birinci rübündə başa çatdırılıb və ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanıb.
Mayın 31-də Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində 3 ölçülü seysmik tədqiqata başlanılıb. Bu tədqiqat proqramının doqquz ay davam edəcəyi gözlənilir. Tədqiqata quruda və dənizin dayazsulu hissəsində əməliyyatlar daxildir. Dəniz dibində qeydiyyat aparan seysmik qovşaqlar düzmək və kiçik akustik enerji mənbələrini yedəkdə dartmaq üçün sahildən 20 kilometrədək uzanan sahədə 17-yə yaxın dayaz su üçün nəzərdə tutulmuş xüsusi gəmilərdən istifadə olunur. İndiyə qədər 582 kvadratkilometrə yaxın sahədən 3 ölçülü məlumat əldə edilib. Hazırda tədqiqat işləri saziş ərazisinin dənizdə mərkəzi hissəsinə doğru irəliləyir ki, bura quruda bəzi 3 ölçülü işlər də daxil olacaq.
İlk sahədən əldə edilmiş 3 ölçülü məlumatların emalı başlanılıb və ikinci sahə üzrə əldə edilmiş məlumatla davam edir. Məlumatların emalı 2017-ci ildə də aparılacaq.