CƏMİYYƏT


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti beş il ərzində böyük inkişaf yolu keçib

Bakı, 13 fevral, Məhərrəm Əlioğlu, AZƏRTAC

Fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb. A.Rəhimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin icrasını tələb olunan səviyyədə təmin etmək məqsədilə ötən beş ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülüb. Səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verib. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm tədbirlər görülüb.

“Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə ötən illər ərzində Xidmətin yerli idarə, şöbə və bölmələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi nəqliyyat vasitələri toplanaraq onlara sıra baxışı keçirilib, texniki vəziyyətlərinin yoxlanılması daim nəzarətdə saxlanılıb. Görülən işlərin nəticəsi olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin hərbi vəzifələr və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib”, - deyə A.Rəhimov qeyd edib.

Diqqətə çatdırılıb ki, xidmət tərəfindən ötən illərdə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanundan irəli gələn vəzifələrə uyğun olaraq, səfərbərlik hazırlığının təmin edilməsi üçün bütün respublika üzrə yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə səfərbərlik hazırlığı üzrə məşğələlər keçirilib. Həmçinin Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil olunub, hərbi vəzifəlilər qeydiyyatdan keçirilərək qanunvericiliyin tələbləri onlara izah edilib. Görülən işlərin nəticəsi olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrimizin təlimlərində hərbi birləşmələrin və hissələrin hərbi vəzifələr və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üzrə qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib.

Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlər sırasında mühüm yeri vətəndaşlara elektron xidmətlərin göstərilməsi tutur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. Xidmət tərəfindən vətəndaşlara 5 elektron xidmət göstərilir. Artıq bir neçə ildir ki, çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə, yaxud hərbi hissədə keçmələri barədə məlumatları SMS vasitəsilə öyrənə bilirlər. Müraciətlərin çoxluğu elektron xidmətlərin vətəndaşlar tərəfindən maraqla qarşılandığını göstərir. Ötən müddətdə elektron xidmətlərlə yanaşı, qurumun əməkdaşlarının “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərməsi də müsbət dəyişikliklərdəndir. “ASAN xidmət” dünyada Azərbaycan brendi kimi tanınıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu işə töhfə verib.

A.Rəhimov əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq.

Sonra Xidmətin beş illik fəaliyyəti ilə bağlı slayd nümayiş etdirilib.

“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, “Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək yubiley münasibətilə təbriklərini çatdırıb, Xidmətin beş il ərzində gördüyü işləri yüksək qiymətləndiriblər.

Sonda Xidmətin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı oxunub, xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.