İQTİSADİYYAT
Səfir Möhsün Pakayin: İran ilə Azərbaycanın nəqliyyat əlaqələri inkişaf edir
Tehran, 31 iyul, AZƏRTAC
İran ilə Azərbaycan arasındakı nəqliyyat əlaqələri inkişaf edir. Tehran-Bakı-Tehran təyyarə reysinin istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Bu sözləri İranın İRNA informasiya agentliyinə müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Diplomat bildirib ki, hazırda Məşhəd-Bakı-Məşhəd və Şiraz-Bakı-Şiraz təyyarə reyslərinin açılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Cari ilin payızında bu reyslərlə ilk azərbaycanlı turistlərin Məşhəd və Şiraz şəhərlərinə səfərləri təşkil olunacaq.
Səfir nəzərə çatdırıb ki, ilk dəfə olaraq Naxçıvan-Məşhəd qatarının da payız aylarında istifadəyə veriləcəyi gözlənilir.
Qeyd olunub ki, hazırda Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi davam edir. Bu körpü hər iki ölkənin dəmir yolları sistemlərini birləşdirəcək və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran