MƏDƏNİYYƏT
Şəhid şairin xatirəsi anılıb
Bakı, 30 aprel, AZƏRTAC
“Cahan İdman klubu” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və “Olimpiya dünyası” qəzetinin birgə dəstəyi ilə nakam şair Cavad İsmayılzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Elmi-Metodiki Mərkəzdən AZƏRTAC-a bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy Cavad İsmayılzadənin həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, Mikayıl Müşfiq - İsmayılzadələr nəslindən olan Cavad İsmayılzadə də “qırmızı terror”un qurbanlarındandır və 28 yaşında 20 Yanvar faciəsində şəhid olub.
Gecədə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri, C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov, sektor müdiri İrina Özçoban, “Cahan İdman klubu” İctimai Birliyinin sədri Elçin Eyvazov və başqaları Cavad İsmayılzadənin poeziyasından söhbət açıb, qəhrəmanlığından danışıblar.
Tədbirdə şairin şeirləri oxunub, musiqi kompozisiyaları və muğam səsləndirilib.
Sonda şəhidin qardaşı Vahab İsmayılzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.