MƏDƏNİYYƏT
Şəkidə “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı musiqi kollektivlərini bir araya gətirəcək
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 27-dən iyulun 1-dək Şəkidə “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı keçirilib.
Festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun sülh artisti Firəngiz Əlizadə bildirib ki, Şəkidə “İpək Yolu” festivalı bu il yeddinci dəfədir keçirilir. Builki festival “Şəki türk dünyasının mədəniyyət paytaxtıdır-2016” çərçivəsində təşkil olunacaq. Ta qədimdən Şəkidə ipək istehsal olunur. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunan 84 tarixi abidəsi var.
VII Beynəlxalq Musiqi Festivalına 11 ölkədən, o cümlədən Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Qazaxıstan və Türkmənistandan ifaçılar dəvət olunub. Festivalın proqramından danışan F.Əlizadə bildirib ki, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakı planlaşdırılır. Festivalda Yaponiyanın “Vas-Liga” folklor ansamblı, habelə Şəkinin “Zirvə”, İranın “Təbriz” ansamblları çıxış edəcəklər.
Festivalın Şəki Yay Teatrının səhnəsində açılış günündə TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti olacaq. Azərbaycan, Türkiyə, Özbəkistan, Moldova, Tatarıstan, Başkortostan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saxa (Yakutiya), Tuva və Türkmənistan ifaçılarının birgə layihəsi olan konsertdə 14 ölkənin musiqiçiləri iştirak edəcəklər.
Festivalın ikinci günü türk musiqi kollektivlərinin çıxışlarına həsr olunacaq.
Festival günlərində Şəki Musiqi Kollecinin müəllimi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı olacaq.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı türk ölkələrinin incəsənətinin və mədəniyyətinin təbliğində qurumun fəaliyyətindən danışaraq xatırladıb ki, bu il təşkilat 25 illiyini qeyd edir.
Azərbaycanın Xalq Artisti, professor Ağaverdi Paşayev bildirib ki, ansamblının kollektivi festivalın bağlanış mərasimində Azərbaycanın klassik bəstəkarlarının əsərlərini və milli rəqs musiqilərini ifa edəcək.
Sonda təşkilatçılar jurnalistlərin suallarına cavab veriblər.