MƏDƏNİYYƏT
Seminarda mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarlarına dair mühazirə dinlənilib
Bakı, 20 noyabr, AZƏRTAC
Cəmiyyətin inkişaf dinamikasında mədəniyyət müəssisələrində çalışanların peşəkarlıq səviyyəsinin keyfiyyətcə artırılması, müəssisələr tərəfindən göstərilən mədəni xidmətlərin səmərəlilik əmsalının yüksəldilməsi, o cümlədən beynəlxalq təcrübənin mənimsənilməsi ölkəmizin mədəniyyət siyasətində prioritet vəzifə kimi hər zaman aktuallığını qoruyub saxlamaqdadır. Mədəniyyət və Turizm Nazirliyi qeyd edilən istiqamət üzrə silsilə tədbirlərin təşkilinə xüsusi əhəmiyyət verir.
Azərbaycan Turizm İnstitutunda (ATİ) keçirilən “Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarları, müasir tələblər və formalaşmış ənənələr” mövzusunda beynəlxalq elmi seminar da bu cəhətdən təqdirəlayiqdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri seminarda Belarus Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professoru Yelena Makarovanın mühazirəsi maraqla dinlənilib.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov bu görüşü iki ölkənin ali təhsil ocağı arasında ilkin əməkdaşlığın göstəricisi kimi dəyərləndirib.
Sonda belaruslu alim tədbir iştirakçılarının suallarını cavablandırıb.