CƏMİYYƏT
“Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış tədbirləri keçirilib VİDEO
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, noyabrın 21-dən 27-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrası olub.
Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 27 şəxs tutulub, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 18 nəfər saxlanılıb, itkin düşmüş 5 nəfərin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanılan 5 avtomat silah, 8 tapança, 67 yivli və yivsiz tüfəng, 30 əl qumbarası, 38 silah sandıqçası, 30 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 mərmi və müxtəlif çaplı 8611 patron götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub, qanunsuz dövriyyədən 1,1 kiloqram narkotik vasitə çıxarılıb.
Bundan başqa, tədbirlər zamanı Quba rayonunda 3, Qusar rayonunda 2, Şəki, Xaçmaz və Qax rayonlarında hər birində 1 fakt olmaqla qanunsuz odlu silah gəzdirmə, oğurluq və dələduzluq cinayətlərinin açılması təmin edilib.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq gerçəkləşdirilən belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.