CƏMİYYƏT
Sərhədçilər dənizdə qalmış üç balıqçını xilas ediblər VİDEO
Bakı, 20 yanvar, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd gözətçi gəmiləri, texniki-müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 16-da saat 18:10 radələrində xidmətin Sahil Mühafizəsinin “Mayak” sahil nəzarəti məntəqəsinə bir qayığın 3 balıqçı ilə birlikdə dənizdən qayıtmadığı barədə məlumat daxil olub.
Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə¬sində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Neftçala rayonunun Kürkənd kənd sakinləri Əhmədov Taleh Hacıbala oğlu, Şirəliyev İxtiyar Şirəli oğlu və Ağacanov Bəxtiyar Əsəd oğlu saat 00:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.