CƏMİYYƏT
Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün “Sərhəd nəzarəti”nə dair təlim proqramı təşkil olunmuşdur VİDEO
Bakı, 21 aprel (AZƏRTAC). Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün “Sərhəd nəzarəti”nə dair təlim proqramının tədrisi olmuşdur.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, tədris çərçivəsində Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Azərbaycanın milli sərhəd siyasətinə regional və beynəlxalq təhlükəsizlik kontekstində baxış, sərhəd mühafizəsinin təşkili, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti və sərhəd nəzarəti mövzuları üzrə məruzələr oxunmuş və təqdimatlar keçirilmişdir.
Dinləyicilər Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühafizəsi, “Samur” dövlət sərhədindən buraxılış məntəqəsi, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti şöbəsi, DSX Xüsusi Məktəbi və Kinoloji Mərkəzinin fəaliyyəti və mövcud imkanları, habelə, “ADA” Universiteti, ölkəmizin tarixi yerləri və memarlıq abidələri ilə tanış olmuşlar.
DSX Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunmuş kursun yekunlarına həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev, Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru, general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat, Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri, digər rəsmi şəxslər iştirak etmişlər.
General-leytenant Elçin Quliyev və general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat tədbirdə çıxış edərək Azərbaycanın və Səudiyyə Ərəbistanının sərhəd xidmətləri arasında ikitərəfli münasibətlərin son illər ərzində yüksələn xətt üzrə inkişaf etdiyini bildirmişlər. Həmçinin Səudiyyə Ərəbistanının sərhəd xidmətinin əməkdaşları üçün təşkil olunmuş kursun qurumlararası əməkdaşlığın gücləndirilməsinə ciddi töhfə verdiyi qeyd edilmiş, bu təcrübənin gələcəkdə daha da genişləndiriləcəyi barədə məlumat verilmişdir.
Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktoru general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması üçün yaradılmış yüksək səviyyəli şəraitə görə minnətdarlığını bildirmişdir.
Mərasimin sonunda tədrisə cəlb olunmuş heyətə sertifikatlar təqdim edilmişdir.