CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Horadiz şəhərində VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-22-də səyyar “ASAN xidmət” Füzuli rayonunun Horadiz şəhərində vətəndaşlara xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, həmçinin səyyar avtobuslar 27 mart-5 aprel tarixlərində Binəqədi rayonunun Binəqədi qəsəbəsində, 28 mart-26 aprel tarixlərində Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 28 mart -11 aprel tarixlərində Şabran şəhərində və Abşeron rayonunun Masazır qəsəbəsində, 29 mart-26 aprel tarixlərində Salyan şəhərində, səyyar “ASAN qatar” isə 28 mart-11 aprel tarixlərində Ağstafa şəhərində vətəndaşların xidmətində olacaq.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.