CƏMİYYƏT
“Sınıq Körpü” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Bakı, 6 iyul, AZƏRTAC
İyunun 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sıxlığın yaranmasına bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının artması səbəb olub. Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir . Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiya Federasiyasından Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir. Məlumatda bildirilir ki, hazırda 3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu “Sınıq Körpü” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zamanda sıxlıq tam aradan qaldırılacaqdır.