DÜNYA
Şinzo Abe: Yaponiya gələcəkdə də sülh yoluna sadiq qalacaq
Tokio, 28 dekabr, AZƏRTAC
Yaponiya II Dünya müharibəsindən ötən 75 ildə sülh yolu ilə addımlayıb və gələcəkdə bu yola sadiq qalacaq.
Bu sözləri Yaponiyanın Baş naziri Şinzo Abe dekabrın 27-də Pörl Harborda təşkil olunan mətbuat konfransında deyib.
Baş nazir Şinzo Abe və ABŞ Prezidenti Barak Obama mətbuat konfransından əvvəl yapon hərbi hava qüvvələri tərəfindən batırılmış “Arizona” linkornunun yaxınlığındakı abidənin önünə əklil qoyublar.
Ş.Abe mətbuat konfransında deyib: “Yaponiyanın Baş naziri kimi mən məhz bu yerdə başlamış müharibənin son qoyduğu insanların həyatına görə kədərlənirəm. Müharibənin dəhşətləri bir daha təkrarlanmamalıdır. Biz buna and içirik. Biz azad və demokratik dövlət quraraq müharibə yolundan imtina etmişik. Müharibədən sonra artıq 75 ildir ki, biz sülh yolu ilə irəliləyirik. Biz bu yoldan dönməyə hazırlaşmırıq. Yaponiyanın Baş naziri olaraq mən bunu “Arizona”da uyuyan əsgərlərin, Amerika xalqının və bütün dünyanın qarşısında bəyan edirəm”.
Şinzo Abe Pörl Harboru ziyarət edən ilk Yaponiya Baş naziridir.
1941-ci il dekabrın 7-də yapon aviasiyasının Pörl Harbora hücumu nəticəsində iki mindən çox ABŞ hərbçisi həlak olmuş, buradakı hərbi donanmaya ciddi ziyan dəymişdi. ABŞ məhz bu hücumdan sonra Yaponiyaya müharibə elan edərək, II Dünya müharibəsinə qatılmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio