CƏMİYYƏT
Şirkətdə mənimsəmə faktına görə cinayət işi başlanıb
Bakı, 21 aprel, AZƏRTAC
“Hyundai Badamdar” MMC-nin sabiq əməkdaşı Vüqar Musayevin qanunsuz hərəkətləri barədə Cəmiyyətdən daxil olan material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı V.Musayevin 2014-cü il aprelin 10-dan bu il yanvarın 7-dək MMC-nin xəzinədarı vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilən pulları kassaya mədaxildən yayındırmaq yolu ilə ona etibar edilmiş Cəmiyyətə məxsus 91 min 200 manat məbləğində pul vəsaitlərini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fatla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.