CƏMİYYƏT
“Sirlər xəzinəsi” layihəsinin icrası başa çatıb
Bakı, 16 avqust, AZƏRTAC
“Gənclərin Maariflənməsinə Dəstək” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun, habelə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Sirlər xəzinəsi” layihəsinin icrasını uğurla başa çatdırıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclər arasında komanda ruhunun yaradılması, fikir və təcrübə mübadiləsinin aparılması və onların qeyri-formal şəraitdə yaradıcı düşünmək bacarığının inkişaf etdirilməsidir.
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şəki gənclərinin iştirak etdikləri layihə çərçivəsində təşkil olunan ekspert görüşlərində növbəti mərhələyə qatılmaq üçün fəal gənclər seçilib. Növbəti mərhələdə Şəkinin qədim məkanlarını əhatə edən “Kod da Vinçi” intellektual oyunu təşkil olunub. Səkkiz mərhələdən ibarət oyunda altı komandanın tərkibində 50 gənc iştirak edib.
Layihə gənclərin böyük marağına səbəb olub.