CƏMİYYƏT
Siyəzəndə keçirilən vətəndaş qəbulunda qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu VİDEO
Siyəzən, 25 iyul (AZƏRTAC, Elxan Yusifli). Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyulun 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Siyəzən, Xızı, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət və təkliflərini dinlədi.
Qəbul zamanı vətəndaşlar əsasən, qadın və uşaq hüquqlarının müdafiəsi, erkən nikahların və məişət zorakılığının qarşısının alınması, boşanmalar, alimentlərin ödənilməsindəki çətinliklər, xəstə və əlil uşaqların müalicəsi, uşaqların övladlığa verilməsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlər etdilər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi araşdırılaraq yerindəcə həll olundu. Komitənin səlahiyyətlərinə aid olmayan, eləcə də şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürüldü.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıq edərək, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.