CƏMİYYƏT
Skandinaviya ölkələrində təhsil alan tələbələr Azərbaycanın təbliğinə töhfə vermək əzmindədir
Bakı, 28 yanvar, AZƏRTAC
“Skandinaviya Əməkdaşlığı” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Skandinaviya Məzunlar Assosiasiyası Skandinaviya ölkələrinin universitetlərinin məzunları və hazırda təhsil alanlar yanvarın 27-də Bakıda bir araya gəliblər.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, “Məzunlar şəbəkəsi” adlı tədbirdə çıxış edən Assosiasiyanın sədri Turan Süleymanov təşkilatın fəaliyyətindən və gələcək layihələrdən danışıb. Bildirib ki, əsas məqsəd Skandinaviya ölkələrində təhsil alanların və məzunların Azərbaycanın inkişafına töhfə verməsi, cəmiyyətin tərəqqisinə yönələn müxtəlif fəaliyyətlərin dəstəklənməsində onların potensialından səmərəli istifadə olunması, eləcə də Azərbaycan ilə Skandinaviya ölkələri arasında çoxtərəfli əlaqələrin gücləndirilməsində daha yaxından iştirakının təmin edilməsidir. Təşkilat Azərbaycan ilə Skandinaviya ölkələri arasında ictimai-mədəni əlaqələrin inkişafına böyük önəm verir. Bu məqsədə çatmaq üçün məzunlar arasında əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev respublikamızda gənclərə göstərilən dövlət qayğısından, onların xaricdə təhsilinin təşkilindən, Azərbaycanın dünyada təbliği istiqamətində xarici ölkələrdə təhsilini başa vuran məzunların gördüyü işlərdən söhbət açıb.
Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen, İsveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Vüsalə Niftəliyevə və digərləri çıxışlarında assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın üzvlərinə uğurlar arzulayıblar.