CƏMİYYƏT
Sosial müavinət və təqaüdlərin ödənilməsi "Kapital Bank"a həvalə edilib
Bakı, 24 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son aylarda keçirdiyi müvafiq tenderin nəticələrinə uyğun olaraq, cari ilin iyul ayının əvvəlindən etibarən respublikada bütün sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti tenderdə qalib gəlmiş "Kapital Bank"a həvalə edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, indiyədək sosial müavinət və təqaüdlərini Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətəndaşlar üçün "Kapital Bank" tərəfindən plastik ödəniş kartları hazırlanıb. Artıq həmin şəxslər şəxsiyyət vəsiqələrini "Kapital Bank"ın aidiyyəti rayon (şəhər) filiallarına təqdim edərək plastik ödəniş kartlarını əldə edirlər. Hazırda "Kapital Bank"ın Bakı şəhərindəki 10 filialı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Plastik kartların verilməsi prosesinin daha da sürətləndirilməsi məqsədilə "Kapital Bank"ın qeyd olunan filiallarında iş qrafiki dəyişdirilib. Həmin filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00–dan 18:00-dək işləyəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə bu barədə vətəndaşların məlumatlandırılması üçün müvafiq təlimatlar verilib.