CƏMİYYƏT
Sosial şəbəkələrdən səmərəli istifadə üçün maarifləndirmə işləri aparılmalıdır
“Sosial şəbəkələrdə sağlam gənclik uğrunda” layihəsi çərçivəsində paytaxtdakı Ayaz Məhərrəmov adına 95 nömrəli orta məktəbdə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin direktoru Fuad Babayev və layihənin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Şahzadə Mədətova çıxış edərək layihə barədə məlumat veriblər.
Bildirilib ki, layihənin məqsədi gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılmasıdır.
Qeyd edilib ki, belə layihələrin reallaşdırılması informasiya cəmiyyətinin tələblərinə uyğun sağlam, savadlı, vətənpərvər gənc nəslin yetişdirilməsi baxımından çox əhəmiyyətlidir.
Tədbirdə internetin, sosial şəbəkələrin üstünlüklərindən, faydalarından, həmçinin neqativ təsirlərindən danışılıb, sosial şəbəkələrin yeniyetmə və gənclərin bilik və informasiya əldə etmələri və onları paylaşmaları, intellektual müzakirələr aparmaları üçün mühüm imkanlar yaratdığı diqqətə çatdırılıb.
Orta məktəblərin hər birinin sosial şəbəkələrdə bloq və qruplarının yaradılmasının vacibliyi vurğulanıb.
Layihə bir ay müddətində davam edəcək.