Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə sosial-iqtisadi islahatlar proqramına uyğun olaraq, əmək bazarının inkişafına, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi mexanizminin təkmilləşdirilməsinə yönələn tədbirlərin ildən-ilə gücləndirildiyini diqqətə çatdırıb: “Aparılan islahatlar, eləcə də qabaqcıl dünya təcrübəsindən irəli gələn yanaşmalar ölkəmizin əmək qanunvericiliyinin təkmilləşdirilməsi zərurətini yaradır. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məqsədilə qanun layihəsi hazırlanıb. Həmin dəyişikliklər Konstitusiya Məhkəməsinin şərhlərinin nəzərə alınmasına, Məcəllənin beynəlxalq sənədlərə uyğunlaşdırılmasına, sosial tərəfdaşlığın inkişafına, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydasının, habelə imperativ və dispozitiv normaların dəqiqləşdirilməsinə, müəyyən boşluq və kolliziya ilə bağlı (o cümlədən “işəgötürən” və “müəssisə” anlayışları, əmək müqaviləsinə “xitam verilməsi” və ya əmək müqaviləsinin “ləğv edilməsi” ifadələri baxımından) təkmilləşdirmənin aparılmasına və s. yönəlib”.
Nazir bildirib ki, işçi və işəgötürənlər arasında əmək münasibətləri yalnız əmək müqaviləsi əsasında rəsmiləşdirilməlidir: “Mülki-hüquqi xarakterli müqavilələr əmək münasibətlərinin rəsmiləşdirilməsinə əsas vermir. Ona görə də Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin məqsədlərindən biri də “əmək münasibətləri” anlayışının Məcəllədə dəqiq ifadə olunması və əmək münasibətlərinin mülki-hüquqi xarakterli müqavilələrlə rəsmiləşdirilməsi hallarının qarşısının alınmasıdır”.
İclasın gündəliyində dayanan məsələlərdən digərinin gənclərin subsidiyalı əsaslarla məşğulluğuna imkan yaradılmasına yönələn layihə ilə bağlı olduğunu diqqətə çatdıran nazir deyib: “Nazirliyin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin əsas məqsədləri sırasında gənclərin səmərəli məşğulluğunun təminatı mühüm yer tutur. Cari ilin 10 ayında da dövlət məşğulluq orqanları tərəfindən münasib işlə təmin edilənlərdən 15,9 min nəfərə yaxını və ya 36,3 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanlardan 1,8 min nəfərdən çoxu və ya 57,4 faizi gənclərdən ibarət olub. Gənclərin məşğulluğunun dəstəklənməsində yeni formatda aktiv məşğulluq tədbiri kimi, son illərdə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə icra olunan “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi üzrə ölkəmizdə ilk dəfə iş axtaran bir qrup gəncin subsidiyalı əsaslarla müəyyən dövr üçün işə qəbulu həyata keçirilib. Nəticədə, layihə müddəti bitsə də, həmin gənclərin 90 faizinin sonradan işəgötürən tərəfindən öz iş yerlərində saxlanılaraq daimi işlə təmin olunması həmin layihələrin əhəmiyyətli olduğunu təsdiq edir. Ona görə də BƏT-lə əməkdaşlıqda həyata keçirilən “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş pilot subsidiya proqramı”nın icrası planlaşdırılır.”.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev BMT-nin 8-ci Davamlı İnkişaf Məqsədinin icrasına dair gələn il ölkəmizdə beynəlxalq konfransın təşkili məsələləri ilə bağlı məlumat verib və mövzuya dair müzakirələr aparılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə təqdimatla çıxış edib.
Məcəllədə nəzərdə tutulan dəyişikliklər komissiya üzvləri tərəfindən geniş müzakirə olunub, bir sıra təkliflər də səsləndirilib. Qanun layihəsindəki bəzi məqamların müzakirəsinin Komissiyanın növbəti iclasında davam etdirilməsi qərara alınıb.
Tədbir nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovun “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı çərçivəsində həyata keçiriləcək “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş pilot subsidiya proqramı” barədə məlumat verməsi ilə davam edib. Gənclərin məşğulluğunun dəstəklənməsinə xidmət edən proqram Komissiya üzvləri tərəfindən müsbət dəyərləndirilib.
Sonra iclasda təşkilati məsələlərə baxılıb. Bildirilib ki, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə, Komissiyada təmsil olunan Tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə Komissiyanın sədri seçilir. Beləliklə, ardıcıllığa uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə Komissiyada nazirliyin nümayəndəsi və əlaqələndiricisi seçilib.