İDMAN
Stolüstü tennis üzrə “Federasiya kuboku” Top–8 turnirinin qalibləri müəyyənləşib
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq kompleksində keçirilən “Federasiya kuboku” Top-8 turniri başa çatıb.
ASTF-dən AZƏRTAC-a bildiriblər ki, yarışın təşkilində məqsəd respublikada stolüstü tennisi təbliğ etmək və turnirdə iştirak edən 8 kişi və 8 qadın tennisçi arasında ən güclüləri müəyyənləşdirmək olub.
Yarışların nəticələrinə görə kişi idmançılar arasında ilk üç yeri Cəfər Cəfərzadə, Hilal Həsənov və Xəyal Həşimli tutublar. Sonrakı yerlərdə isə Sənan Əliyev, Əliverdi Şahgəldiyev, Nurlan Həsənov, Chanq Zhanq və Yusif Qafarlı qərarlaşıblar.
Qadın idmançılar arasında isə Çen Xingtai qalib adını qazanıb. İlk üçlüyü Vand Miao, Denq Simenq tamamlayıblar. Sonrakı yerləri isə müvafiq olaraq Məryəm İmanova, Şərmin Şirinova, Nəzakət Qarayeva, Nəzrin Əhmədova və Fatimə Məhəmmədli tutublar.
Turnirin bağlanış mərasimində çıxış edən federasiyanın baş katibi Səbuhi Mehdizadə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, bu diqqət və qayğı nəticəsində stolüstü tennisin də sürətlə inkişaf etdiyini, onun təbliği üçün zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
Sonda qaliblər kubok, diplom və mükafatlar ilə təltif olunublar.