REGİONLAR
Sumqayıtda “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar
Sumqayıt, 5 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtın Tarix Muzeyində “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda növbəti seminar keçirilib. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi, ümumtəhsil müəssisələrinin direktorları, müəllimlər, təhsil ekspertləri, psixoloq və jurnalistlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, seminarın keçirilməsində məqsəd müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək vermək, valideyn-şagird-müəllim ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasını və sinfin idarə edilməsində yeni metodlardan istifadəni təbliğ etməkdir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə pozitiv davranış vərdişlərinin formalaşdırılması, emosional intellektin inkişafı, valideynlər üçün maarifləndirmə kampaniyalarının təşkili, müəllimlərin peşə fəaliyyətində qanunvericiliklə müəyyən olunmuş vəzifələr və etik davranış prinsiplərindən bəhs edib.
Psixologiya elmləri üzrə fəlsəfə doktoru İlhamə Sultanova “Fiziki və emosional zorakılığın psixoloji fəsadları, cəzalandırmanın sivil yolları” mövzusunda təqdimatında məktəbdə qeyri-adekvat davranış nümayiş etdirən şagirdlərin islah edilməsi yollarından danışıb, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin tənzimlənməsi məqsədilə təkliflər irəli sürüb.
Daha sonra çıxış edənlər təhsilin keyfiyyətinin artırılmasında idarəetmənin təkmiləşdirilməsi, müəllim-şagird münasibətləri çərçivəsində baş verən hadisələrə KİV-in və sosial medianın münasibəti məsələsinə toxunublar.
Qeyd olunub ki, məktəb idarəçilərinin lazımi xüsusiyyətlərə, müasir bilik və bacarıqlara yiyələnməsi məqsədilə 2013-2014-cü tədris ilindən başlayaraq Təhsil Nazirliyi tərəfindən məktəb idarəçisi olmaq istəyən potensial müəllim və direktor müavinləri üçün təlimlər həyata keçirilir.
Çıxışlarda təbliğat işinin gücləndirilməsi, belə seminarların mütəmadi keçirilməsi və digər bu kimi məsələlərlə dair təkliflər səsləndirilib.