CƏMİYYƏT
Sumqayıtda “Yaşıl dağ” adlı sosial aksiya keçirilib VİDEO
Sumqayıt, 6 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Oktyabrın 6-da Sumqayıtdakı “ASAN xidmət” mərkəzinin qarşısında kağız tullantıların toplanmasına həsr olunan “Yaşıl dağ” adlı sosial aksiya keçirilib. Tədbir IDEA İctimai Birliyi, “ASAN xidmət” və “Azersun Holding” MMC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, ətraf mühitin mühafizəsi naminə keçirilən “Yaşıl dağ” aksiyasında dövlət qurumları, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və ayrı–ayrı vətəndaşlar iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Ombudsman Elmira Süleymanova layihənin mahiyyətindən və əhəmiyyətindən danışıblar. Bildirilib ki, sosial məsuliyyəti anlayan insanların kağız tullantıların bir yerə toplanması ilə yaradılan simvolik dağ “yaşıl” gələcək üçün çağırışdır.
Qeyd edək ki, “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir. Eyni zamanda, layihəyə dəstək məqsədilə “ASAN xidmət” mərkəzlərində ASAN Könüllüləri tərəfindən “Yaşıl ASAN” təşəbbüsü irəli sürülüb və yüzlərlə gənc bu təşəbbüsün iştirakçısına çevrilibdir.