CƏMİYYƏT
Sumqayıtlı gənclər Silahlı Qüvvələr Gününü əsgərlərə birgə qeyd ediblər
Sumqayıt, 27 iyun, AZƏRTAC
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə N hərbi hissədə “İgid əsgər, möhkəm dayan!” adlı bədii-əyləncəli bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Hərbi hissə komandirinin müavini mayor Emin Şərabçiyev hərbi hissəyə mütəmadi diqqət və qayğısına görə şəhər rəhbərliyinə dərin minnətdarlığını bildirib, dövlətin etimadını bundan sonra da doğruldacaqlarını vurğulayıb.
O, Gənclər və İdman Baş İdarəsinin kollektivinin təltif edilməsi barədə hərbi hissənin fəxri fərmanını təqdim edib.
Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mübariz Bəşirov şəxsi heyəti bayram münasibətilə təbrik edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğısından, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi xidmətə hazırlanması sahəsində görülən işlərdən danışıb. O, ölkəmizin hələ də müharibə vəziyyətində olduğunu, ərazisinin 20 faizinin işğal edildiyini bildirərək, belə bir şəraitdə ordu quruculuğunun önəmini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində gənc müğənnilərin ifa etdiyi mahnılar, rəqs havaları alqışlarla qarşılanıb.
Sonda hərbi hissəyə hədiyyələr təqdim edilib.