CƏMİYYƏT
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində "Ölümə qənşər" sənədli-bədii filmin təqdimatı olub
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin və "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanları – Rafiq Alıcanov, Mərifət Nəsibov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Ölümə qənşər" sənədli-bədii filminin təqdimatı olub.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, təqdimatda "Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin rayon şöbəsinin əməkdaşları, müharibə veteranları, Rafiq Alıcanovun ailə üzvləri və döyüş dostları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin nümayəndələri, rayon gəncləri iştirak ediblər.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova çıxış edərək diqqətə çatdırıb ki, tədbirin keçirilməsində məqsəd vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini növbəti dəfə yad etmək və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsidir.
S.Hüseynova xüsusi vurğulayıb ki, şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş, əlil olmuş vətəndaşlarımızın sosial məsələlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzində olan vacib məsələlərdəndir. Şəhidlərimiz unudulmur, onların həyatı, keçdiyi döyüş yolu haqqında sənədli, bədii filmlər çəkilir, kitablar yazılır, ədəbi-bədii tamaşalar hazırlanır. Şəhid adları əbədiləşdirilir.
İB-nin sədri Venera Əsgərova bildirib ki, filmin çəkilməsi İctimai Birliyin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi" layihəsi çərçivəsində mümkün olub.
Filmin nümayişindən sonra müharibə veteranları, Rafiq Alıcanovun ailə üzvləri və döyüş dostları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin nümayəndələri, rayon gəncləri ekran əsəri haqqında fikirlərini bölüşüblər.