CƏMİYYƏT
Suraxanı rayonunda cari ilin birinci yarısının yekunları müzakirə olunub
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Suraxanı Rayon İcra Hakimiyyətində müzakirə edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yığıncağın əvvəlində Prezident İlham Əliyevin Sərəncamı ilə icra hakimiyyətinin təltif edilmiş baş məsləhətçisi Kəmalə Quliyevaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Bakı-2015” birinci Avropa Oyunlarında milli komandamıza müxtəlif sahələr üzrə medallar qazandıran Ayxan Mamayevə, Vasif Səfərbəyova, Sevil və Sevinc Bünyatovalara Suraxanı Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanıda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan verib.
Bildirilib ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 126,8 milyon manat, tikinti-quraşdırma işləri 21 milyon manat, nəqliyyat xidmətləri 2,6 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 24,5 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 154,7 milyon manat, orta aylıq əmək haqqı 545,6 manat olub. Əhaliyə 118,4 milyon manat məbləğində pullu xidmətlər göstərilib, hamısı daimi olmaqla 1701 yeni iş yeri açılıb.
Hesabat dövründə rayonda həyata keçirilən abadlıq, quruculuq işləri haqqında da ətraflı məlumat verilib.
Bildirilib ki, Sahibkarlığa Kömək Milli Fondu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı, 80 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində yerləşən “ATEF Elektromaş” zavodunda növbəti kredit yarmarkası keçirilib. Bu ilin altı ayı ərzində Suraxanı rayonunda 9 investisiya layihəsinin maliyyələşdirilməsinə 95 min manat güzəştli şərtlərlə kredit verilib.
Qeyd edilib ki, Suraxanı Bakının sənaye, xüsusilə neft sənayesi inkişaf etmiş rayonlarından biri olduğundan burada ekoloji məsələlərin həlli vacib əhəmiyyət kəsb edir. Prezidentin müvafiq Sərəncamına və qəbul edilmiş Dövlət Proqramına əsasən Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlamış birinci “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilib. Kampaniya çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə 11 ümumrayon iməciliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılıb. 2015-ci ilin birinci yarımilliyində rayonun aidiyyəti idarələri tərəfindən 7456 nəfərə 3 milyon manatdan artıq sosial müavinət, 2223 ailəyə 1,95 milyon manatdan çox ünvanlı sosial yardım ödənilib, 27600 təqaüdçüyə xidmət göstərilib, orta aylıq pensiyanın məbləği rayon üzrə 170 manat təşkil edib, 301 nəfər işlə təmin olunub, 37 nəfər işsiz statusu alıb, 37 nəfərə işsizlik müavinəti verilib, 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunub.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilib.