CƏMİYYƏT
Suraxanı rayonunun səhiyyə işçiləri Ulu Öndərin xatirəsini anıblar
Bakı, 7 dekabr, AZƏRTAC
Suraxanı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri təşkil olunur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir dekabrın 7-də səhiyyə işçilərinin iştirakı ilə 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilib.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edilib.
Tədbiri giriş sözü ilə açan 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi bildirib ki, Vətənini, millətini sevən hər bir Azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, bir çox dünya dövlətlərində ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə Ulu Öndər vətənimizin ən ağır və faciəli günlərində rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Liderdir. Heydər Əliyev sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdı. Ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoydu. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın tərəqqisini uğurla həyata keçirə biləcək ən layiqli varisini yetişdirdi.
A.Həsənova bildirib ki, 2004-cü ildə Ulu Öndərin siyasi məfkurəsinin həmişəyaşarlıq səciyyəsini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyəti ilə yaradılan Heydər Əliyev Fondu Ümummilli Liderimizin ideyalarına sadiq qalaraq bu gün ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirir. Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə Fond qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə qazanması işində yeni zirvələr fəth edir, ölkəmizin adını ucaldır.
Tədbirdə çıxış edən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov Ulu Öndərin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğıdan danışdılar.