CƏMİYYƏT
Suraxanıda “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib
Bakı, 11 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, “Vətənin müdafiəsinə hazıram” mövzusunda növbəti tədbir Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin və Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər güllər qoyublar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini qeyd edib. O, təmas xəttində baş vermiş son hadisələrdən, gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışıb. Bildirib ki, işğal altındakı torpaqlarımızın azad edilməsinə xalqın inamı olduqca yüksəkdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülmüş işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Rəis müavini Xidmətin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd edib ki, ən müasir hərbi texnika, silah-sursatla təchiz edilmiş Azərbaycan Ordusu işğal altındakı ərazilərimizin azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyir.
“Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətənpərvərlik hisslərinin təbliği sahəsində həyata keçirilən tədbirlərin gənclərin milli ruhda inkişafına müsbət təsir etdiyini bildirib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qoşunların təmas xəttində son hərbi əməliyyatlardan sonra Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi yarandığını diqqətə çatdırıb, gənclərin Vətənimizin müdafiəsinə daim hazır olduqlarını deyib.
Mərasimdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Sonda Suraxanı rayonunun müxtəlif məktəblərinin şagirdləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.