CƏMİYYƏT
Suraxanıda şəffaflığın təmini ilə bağlı görülən işlər müzakirə edilib
Bakı, 22 noyabr, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətində keçirilmiş toplantıda rayonda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının vəziyyəti müzakirə edilib.
Rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov deyib ki, tədbirlər planına uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi, eyni zamanda, hüquq mühafizə orqanlarının korrupsiya hallarına şərait yaradan amilləri aşkarlaması, təhlil etməsi və mütəmadi olaraq onlara qarşı ciddi tədbirlər görməsi nəzərdə tutulub.
Qeyd edilib ki, rayon icra hakimiyyətində informasiyanın verilməsi üçün müntəzəm yenilənən www.surakhani-ih.gov.az internet saytı və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir. İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək məqsədi ilə yerlərdə “Şikayət və təkliflər” səyyar poçt qutuları quraşdırılıb.
Bildirilib ki, 2014-cü ilin 10 ayı ərzində qurum tərəfindən 721 vətəndaş qəbul edilib, 3151 nəfərin iştirakı ilə 35 səyyar görüş-qəbul keçirilib. Həmin müddətdə icra hakimiyyətinə 153 elektron məktub daxil olub və bu məktubların müvafiq qaydada cavablandırılmasında və icrasına nəzarət edilməsində “Elektron icraçı” avtomatlaşdırılmış idarəetmə sistemindən və daxili kompyuter şəbəkəsinin imkanlarından istifadə edilib. İcra hakimiyyətinin internet saytı, “qaynar xətt” telefonu, səyyar görüş-qəbullar vasitəsi ilə Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri barədə əhali arasında maarifləndirmə işi aparılıb.