CƏMİYYƏT
Suyun tərkibində yoluxucu xəstəliklərə səbəb olan bakteriyalara rast gəlinməyib
Bakı, 25 fevral, AZƏRTAC
Dörd il əvvəl istifadəyə verilən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası Cənubi Qafqazda suyun keyfiyyətini təhlil edən ən müasir araşdırma müəssisəsidir və təkcə keçən il burada 20 mindən artıq su nümunəsi yoxlanılıb. Ən son texnologiyalarla təchiz olunan laboratoriyada 51 parametr üzrə içməli suyun yararlılığı araşdırılır.
“Azərsu” Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.
Laboratoriyada içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı təhlillər aparmaq mümkündür. Yeni laboratoriyada respublikanın regionlarında istənilən ərazidə və şəraitdə təhlillərin aparılması üçün imkanlar var və həmin məqsədlə 6 səyyar laboratoriya fəaliyyət göstərir. Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzləri və kəndlərdə su nümunələrinin tərkibi araşdırılır. Ən çox rast gəlinən problem bulanıqlıqla əlaqədardır və o əsasən əhalinin istifadə etdiyi şəxsi susaxlayıcı cihazlarda müşahidə olunur. Əhaliyə verilən suyun tərkibində hər hansı yoluxucu xəstəliyə səbəb olan və ciddi fəsadlar törədən bakteriyalara rast gəlinməyib.