CƏMİYYƏT
TUMİB Yevlaxda gənclər arasında maarifləndirmə işi aparıb
Bakı, 12 dekabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Gəncliyini qoru gələcəyin üçün!” layihəsi çərçivəsində növbəti tədbiri Yevlaxda keçirib.
TUMİB-dən AZƏRTAC-a verilən məlumata görə tədbirdə çıxış edən İctimai Birliyin sədri Çingiz Bayramov deyib ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmə işi aparmaqdır. Ç.Bayramov əmin olduğunu bildirib ki, gənclər zərərli vərdişlərdən uzaq olmaqla cəmiyyətin inkişafına layiqli töhfə verə bilərlər. O deyib: “Hökumətin dəstəyi ilə gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində ciddi iş görülür. Bir QHT olaraq biz də bu prosesdə iştirak etmək, Azərbaycanın gələcəyi üçün sağlam nəsillərin yetişməsinə öz töhfəmizi vermək istəyirik. Sağlam nəsil isə fiziki və mənəvi cəhətdən sağlam olan gəncliyin sayəsində yarana bilər. Buna görə də sağlamlığımızın qeydinə qalmaq hər birimizin ümdə vəzifəsinə çevrilməlidir”.
Layihənin eksperti Seymur Verdizadə, TUMİB-in mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, Yevlax rayon gənclər və idman idarəsinin rəisi Binyamin Musayev və digərləri çıxışlarında yeniyetmə və gəncləri asudə vaxtlarını səmərəli keçirməyə çağırıblar. Bildiriblər ki, gənclərin potensialının üzə çıxması üçün ölkəmizdə münbit şərait var. Buna görə də gənclərimiz tez-tez fərdi təşəbbüslərlə çıxış etməli, öz ideyalarını reallaşdırmağa can atmalıdırlar. Müasir gənclik cəmiyyətin avanqard kəsimi olduğunu öz əməli ilə sübut etməlidir.
Çıxışlarda QHT-lərin iştirakı ilə keçirilən müzakirələrin gənclərin nitq mədəniyyətinin formalaşmasına müsbət təsir göstərməklə yanaşı, həm də onların ictimai həyatdakı rolunu artırmağa xidmət etdiyi vurğulanıb. Bənzər tədbirlərin tez-tez keçirilməsinin vacibliyi qeyd olunub.